...

İğdırda Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafındakı rolundan danışılıb

12.12.2021

Türkiyənin İğdır vilayətində "Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda konfrans keçirilib.

Türk Ağsaqqalları Birliyinin (TAİB) təşkilatçılığı, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun, Aralıq Bələdiyyəsinin, İğdır Azərbaycan Evi Dərnəyinin, İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin dəstəyi ilə keçirilən konfransın birinci hissəsi vilayətin Aralıq bölgəsində baş tutub.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın və Türk Dünyasının görkəmli lideri Heydəri Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra TAİB-in Təşkilat Komitəsinin sədri, tibb elmləri doktoru, professor Südeif İmamverdiyev, təşkilat komitəsinin üzvləri Sabir Tağıyev, Şöhlət Afşar, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal, Aralıq Bələdiyyəsinin başqanı Mustafa Güzelkaya, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri, millət vəkilləri Hikmət Babaoğlu və Elşad Mirbəşiroğlu çıxış edərək, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı, diplomatik, iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsi naminə göstərdiyi əvəzsiz və müstəsna xidmətlərindən danışıblar.

Konfransın ikinci hissəsi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2021-ci ilin noyabr ayında İğdırın mərkəzində fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət Evində davam edib. Tədbirdə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, İğdır valisi Hüseyin Engin Sarıibrahim, İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və başqaları çıxış ediblər. Bildirilib ki, Azərbaycanın və Türk Dünyasının görkəmli lideri Heydər Əliyev irsi Türkiyə-Azərbaycan münasibətlərinə əbədi olaraq işıq salacaq, çünki onun “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq ölkələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda bu münasibətlərin daha yüksək səviyyədə inkişafında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq əlaqələri və bir-birinə inamı xüsusi rol oynayır.

Konfransın sonunda TAİB adından ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verən şəxslərə təşəkkürnamələr, Aralıq Bələdiyyəsi adından isə TAİB-in təmsilçilərinə müxtəlif mükafatlar təqdim edilib.