“Heydər Əliyev və Azərbaycan diaspor təşkilatları” mövzusunda videokonfrans keçirilib
“Heydər Əliyev və Azərbaycan diaspor təşkilatları” mövzusunda anım videokonfransı keçirilib.
Tədbir İstanbul-Azərbaycan Dostluq Dərnəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) təşkilatçılığı ilə baş tutub.
Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyevanın moderatorluğu ilə aparılan konfransda İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri, Türkiyə-Azərbaycan Dərnəklərinin baş katibi Hülya Xuraman Ağasoy, Türkiyə-Azərbaycan Dərnəkləri Federasıyası sədrinin müşaviri Pərviz Məmmədzadə, Regionşünaslıq kafedrasının müəllimi Sara Ələsgərova, Ankara-Bakı Tanıtım və Dayanışma Dərnəyinin sədri, TADEF sədr müavini Səttar Kaya çıxış ediblər.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və inkişafında misilsiz xidmətlərinin əhəmiyyətindən danışan natiqlər bu cür parlaq şəxsiyyətin Azərbaycan tarixində yer almasını xalqımızın və türk dünyasının böyük uğuru adlandırıblar. Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, diaspor quruculuğunun və fəaliyyətinin Azərbaycanla sıx əlaqələndirilməsi, Dünya azərbaycanlılarının I qurultayının Bakıda keçirilməsi ideyasının Ulu Öndərə məxsus olduğunu vurğulanıb. Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində diaspor təşkilatlarının fəaliyyətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, Tovuz hadisələri, Vətən müharibəsi və müharibədən sonrakı dönəmdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük mütəşəkkillik, həmrəylik və fədakarlıq göstərdiyi bir daha nəzərə çatdırılıb.
Tədbir zamanı “Heydər Əliyev və diaspor təşkilatlarıın yaranması”, “Diaspor hərəkatıının dönüş nöqtəsi” və “Diaspor təşkilatları Şuşada” mövzularında videoçarxlar nümayiş etdirilib.