...

Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə Özbəkistanın Turon kitabxanası arasında memorandum imzalanıb

12.12.2021

Daşkənd şəhərindəki Turon kitabxanasında Azərbaycanın Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə əməkdaşlığa dair memorandumun imzalanması münasibətilə tədbir keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və sənət günləri” layihəsi çərçivəsində kitabxananın oxu zalında baş tutan tədbirə parlamentarlar, ədiblər və Azərbaycandan gələn qonaqlar qatılıblar. Tədbirdə kitabxananın direktoru Dildora Abduazizova, Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Özbəkistan Ali Məclisinin deputatı Gulbahar Saidqaniyeya, Özbəkistan Yazıçılar İttifaqının katibi Qayrat Məcid, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış ediblər. Natiqlər xalqımızı torpaqlarımızın işğaldan azad olunması və qələbənin birinci ildönümü münasibətilə bir daha təbrik edərək, tarixi dostluğumuz, ölkələrimiz arasında yüksək səviyyəli qardaşlıq və dostluq əlaqələrindən məmnun olduqlarını bildiriblər. Qeyd edilib ki, elm, mədəniyyət, təhsil ocağı olan kitabxanalarımız arasında memorandumlar imzalanması əməkdaşlıq baxımından yeni imkanlar açır, Azərbaycan mədəniyyətinin paytaxtı, qədim tarixə malik olan Şuşa şəhərinin mərkəzi kitabxanası ilə əməkdaşlıq isə xüsusi əhəmiyyət daşıyır.

Çıxışlardan sonra Turon kitabxanasının direktoru Dildora Abduazizova və Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli əməkdaşlığa dair memorandumu imzalayıblar.

Mərasim Azərbaycan ədəbiyyatı nümunələrinin Turon kitabxanasına hədiyyə olunması və ölkələrimizin dostluğuna həsr olunmuş “Qızıl körpü” adlı sənədli filmin nümayiş etdirilməsi ilə yekunlaşıb.

Tədbir çərçivəsində Turon kitabxanasında yaradılmış Qarabağ guşəsinə baxış keçirilib.