...

Ukrayna Azərbaycanlıları Radası ölkənin “Ze!Molodyojka” gənclər təşkilatı ilə əməkdaşlıq müqaviləsi imzalayacaq

09.12.2021

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyev şəhərindəki mərkəzi ofisində “Ze!Molodyojka” gənclər təşkilatının nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı UAR baş katibi Ceyhun Məmmədov, “Ze!Molodyojka” təşkilatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Alina Poddubnaya, Ukrayna Azərbaycanlı Gənclər Radasının (UAGR) sədri Vaqif Nağıyev və gənc fəallar çıxış ediblər. Bildirilib ki, UAR həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov və “Ze!Molodyojka” təşkilatının rəhbəri, millət vəkili Aleksandr Sançenkonun imzalayacaqları əməkdaşlıq memorandumu Azərbaycan və Ukrayna gənclərinin bir araya gəlməsində və inkişafında müstəsna rol oynayacaq. UAR-ın gənclərin birgə tədbirlərinin təşkilinə hər zaman dəstək göstərəcəyi nəzərə çatdırılıb.

Qeyd edilib ki, “Ze!Molodyojka” təşkilatının ilk beynəlxalq əlaqələri Azərbaycan gəncləri, Ukraynadakı Azərbaycan diasporu və gənclər təşkilatları ilə başlayıb. “Ze!Molodyojka”nın 3000 fəal üzvü var, Kiev və Nikolayev təşkilatlarının rəhbərləri isə etnik azərbaycanlılardır. Biz belə gəncələri daha çox aramızda görmək istəyirik”, - deyə Alina Poddubnaya əlavə edib.

UAGR sədri, tanınmış müğənni Vaqif Nağıyevin təklifi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə birgə futzal turniri keçirmək qərara alınıb.

Tərəflər müxtəlif mövzularda debatların, liderlik, natiqlik üzrə seminarların, həftəsonu marafonların təşkili barədə ətraflı fikir mübadiləsi aparıblar.