Londonda Pakistan icması ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Birləşmiş Krallığa səfəri çərçivəsində London şəhərində Pakistan icmasının nümayəndələri ilə görüş keçirilib.
“Davamlı gələcəyə doğru” (“Working Towards a Sustainable Future”) mövzusunda keçirilən tədbirdə Pakistan əsilli siyasətçilər, parlamentarlar, müxtəlif şəhərlərin merləri və Türk icmasının nümayəndələri iştirak ediblər.
Tədbir 4 ölkənin – Böyük Britaniya, Pakistan, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkələrimiz arasında möhkəm dostluq və qardaşlıq münasibətlərinin tarixi barədə danışıb. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Pakistan olduğunu, Pakistanın işğalçı Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etdiyini, Vətən müharibəsi zamanı ölkəmizə böyük siyasi və mənəvi dəstək göstərdiyini nəzərə çatdırıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının noyabrın sonunda Aşqabadda keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycan və Pakistan prezidentlərinin görüşdüyünü xatırladan Komitə sədri bugünkü görüşün Azərbaycan diasporunun Birləşmiş Krallıqda və Avropada fəaliyyət göstərən Pakistan icması ilə əlaqələrinin genişlənməsində, birgə layihələrin həyata keçirilməsində böyük rol oynayacağına əminliyini ifadə edib.
Sonra İlinq bələdiyyəsinin meri Munir Əhməd, Slau bələdiyyəsinin meri Nazir Hüseyn, Britaniya parlamentinin Lordlar Palatasının üzvləri Məhəmməd Şeyx, Lord Qurban Hüseyn və başqaları çıxış ediblər. Natiqlər hər zaman Azərbaycana xoş münasibətlə yanaşdıqlarını, Böyük Britaniya parlamentində keçirilən debatlar zamanı ölkəmizin ədalətli mövqeyini dəstəklədiklərini, Qarabağ münaqişəsinin artıq geridə qaldığını, Azərbaycana səfər edərkən işğaldan azad edilmiş torpaqlarımızda erməni vandalizminin izlərinə şahid olduqlarını, Azərbaycan diasporu ilə birgə siyasi, iqtisadi və mədəni proqramlar həyata keçirməkdə maraqlı olduqlarını vurğulayıblar. Məhəmməd Şeyx və Qurban Hüseyn bildiriblər ki, Böyük Britaniya parlamentində Ermənistanın indiyədək Azərbaycana mina xəritələrini tam şəkildə təhvil vermədiyi məsələsini bir daha gündəmə gətirəcəklər. “Azərbaycan və Pakistan həmişə birlikdə çalışıblar. Bundan sonra da qardaş ölkəmizin siyasi mövqeyini dəstəkləməyə söz veririk və buna hazırıq”, - deyə Pakistanın Pəncab əyalətinin dövlət nümayəndəsi Atir Çodri vurğulayıb.
Qeyd edək ki, Pakistanın dünyadakı ən böyük icması Birləşmiş Krallıqda məskunlaşıb.