...

Nizami Gəncəvinin və Əlişir Nəvainin əsərləri özbək və Azərbaycan dillərində təqdim edilib

04.12.2021

Daşkənd şəhərində “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda” mövzusunda tədbir keçirilib.

Özbəkistan Milli Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda keçirilən tədbir bu ölkədə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutub. Tədbirdə Özbəkistan və Azərbaycanın elm, ədəbiyyat xadimləri, diasporumuzun və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimovun giriş sözü ilə açdığı tədbirdə Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, AMEA Əlyazmalar İnstitutunun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, Ankara Milli Kitabxanasının şöbə müdiri, professor Niyazi Unver, Türkiyə Milli Kitabxanasının elmi işçisi Emrah Beskin, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova, Şərqşünaslıq institutunun şöbə müdiri Salomaxon Eşonova və başqaları çıxış ediblər. Natiqlər hər iki xalqın ortaq dəyərlərinə dair tədqiqatların aparılması, Şərq və Türk Dünyası ədəbiyyatının parlaq nümayəndələri olan Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılıqları haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Şərqşünaslıq İnstitutunun fondunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 70, Əlişir Nəvainin 200-dən artıq əlyazması saxlanılır. Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı yüksək qiymətləndirilib, Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilində, Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcümə edilməsi böyük hadisə adlandırılıb.

Tədbir zamanı Nizami Gəncəvinin “Xəmsə” əsərinin özbək, Əlişir Nəvainin “Xəmsə” əsərinin Azərbaycan dilində təqdimatı keçirilib. “Xəmsə”ləri Özbəkistanın Xalq şairi Camal Kamal və azərbaycanlı alim Ramiz Əskər tərcümə edib.

Tədbir çərçivəsində Nizami Gəncəvinin və Əlişir Nəvainin Şərqşünaslıq İnstitutunun fondunda saxlanılan nadir əlyazmaları nümayiş etdirilib, hər iki şairin Azərbaycan və Türkiyəki əlyazmalarının surətləri Özbəkistan Şərqşünaslıq İnstitutunun kitabxanasına hədiyyə edilib.