...

Misirdəki diaspor mərkəzində fonetika klubu yaradılıb

01.12.2021

Misirdəki diaspor mərkəzində Azərbaycan dilinin qrammatikasını mənimsəmiş müdavimlərin fonetika klubu yaradılıb.

“Vətənpərvər” Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, bu addım müdavimlərin nitq qabiliyyətini təkmilləşdirmək məqsədinə xidmət edir.

Həftədə 3 saat keçiriləcək dərslərdə misirli gənclər dilimizin orfoepiya normaları əsasında sözlərin düzgün tələffüz qaydalarını öyrənəcəklər. Bundan başqa, müdavimlərə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin qiraəti tədris ediləcək. Növbəti həftə misirli gənclərin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərini Azərbaycan dilində söyləməsi nəzərdə tutulub. Kursun rəhbərləri onların nitqi ilə bağlı fonetik təhlil aparacaqlar.

Qahirədə təhsil alan azərbaycanlı tələbələrin də iştirak etdiyi klubun ilk məşğələsi Seymur Nəsirovun rəhbərliyi ilə keçirilib.

Qeyd edək ki, diaspor mərkəzində təmənnasız keçirilən Azərbaycan dili kurslarında dilimizi öyrənmək istəyənlərin sayı ildən-ilə artır, çünki misirli gənclər və Qahirədə təhsil alan əcnəbi tələbələr arasında bu kurslara böyük maraq var.