...

Dövlət Komitəsində Ukrayna əsilli Milli Qəhrəmanların ailə üzvləri ilə görüş keçirilib

01.12.2021

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanın Ukrayna əsilli Milli Qəhrəmanları Viktor Seryogin və Ruslan Polovinkanın ailə üzvləri və yaxınları ilə görüş keçirilib.

Görüşdə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiyasiyasının nümayəndəsi Cəmilə Abdullayeva, Viktor Seryoginin qızı Oksana Seryogina, nəvəsi Vlada Dumanenko, Ruslan Polovinkanın uşaqlıq dostu Pavel Holodnikov iştirak ediblər.

Dövlət Komitəsində qonaqları salamlamaqdan məmnun olduğunu bildirən R.Quliyev diasporumuzun Ukraynada və Xarkov şəhərində fəaliyyətindən, Azərbaycan-Ukrayna münasibətlərindən, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsindən, humanitar sahədə həyata keçirilən layihələrdən danışıb.

Oksana Seryogina və Pavel Holodnikov qeyd ediblər ki, Azərbaycan dövləti hər zaman Milli Qəhrəmanlarımızın xatirəsini əziz tutur, şəhid ailələrinin üzvlərinə böyük diqqət və qayğı göstərir. Onlar bu həssas münasibətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qonaqlar ötən il Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahı Qüvvələrimizin qazandığı parlaq qələbənın birinci ildönümü münasibətilə xalqımızı təbrik ediblər.

Oksana Seryogina atasının Ukraynanın Xarkov şəhərində xatirə lövhəsinin açılmasında “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin sədri Murad Ömərovun, Ukraynanın Xalq rəssamı, heykəltəraş Seyfəddin Qurbanovun (bu yaxınlarda vəfat edib) və digər diaspor fəallarının böyük əməyi olduğunu nəzərə çatdırıb.

Görüşün sonunda Komitənin adından Milli Qəhrəmanların ailə üzvlərinə və yaxınlarına hədiyyələr təqdim edilib, birgə xatirə şəkli çəkilib.

Xatıqladaq ki, 1944-cü il təvəllüdlü Viktor Seryogin 28 yanvar 1992-ci ildə Şuşadan dinc sakinləri təxliyə edərkən, 1969-cu il təvəllüdlü Ruslan Polovinka isə 6 avqust 1992-ci ildə hərbi tapşırığı yerinə yetirərkən qəhrəmancasına həlak olublar. Onlar ölümlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüblər.