...

“İrəvan Xanlığının Bölgə Mətbəxi” kitabı beynəlxalq müsabiqənin qalibi olub

01.12.2021

Parisdə keçirilən “Gourmand Awards” beynəlxalq kulinariya kitabları müsabiqəsində “İrəvan Xanlığının Bölgə Mətbəxi” kitabı I yeri tutub.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) Baş direktor müavini Ceyran Əsgərova bildirib ki, “İrəvan Xanlığının Bölgə Mətbəxi” kitabı beynəlxalq müsabiqənin “Əyalət mətbəxi” nominasiyasında “Dünyanın ən yaxşı kulinariya kitabı” mükafatına layiq görülüb.
Bu, AMKM-in “Gourmand Awards” beynəlxalq müsabiqəsində qazandığı üçüncü qalibiyyətdir. Ötən illərdə mərkəzin hazırladığı “Azərbaycan kulinariyası” (2017) və "Azərbaycan mətbəxində dolmalar 381 çeşid" (2019) kitabları “Dünyanın ən yaxşı kulinariya kitabı” mükafatına layiq görülüb.
Tədbir çərçivəsində təşkil olunan Azərbaycan guşəsində “İrəvan Xanlığının Bölgə Mətbəxi”, “Azərbaycan kulinariyası”, “Azərbaycan mətbəxində dolmalar 381 çeşid”, “”Qastrosofiya” kitabları və milli şirniyyat nümunələri nümayiş etdirilib. AMKM-in milli geyimli təmsilçiləri tədbir iştirakçılarını Azərbaycan şirniyyatlarına qonaq edib.
AMKM-in Baş direktoru Tahir Əmiraslanov bildirib ki, mərkəzin komandası beynəlxalq tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə iştirak edib. “Bizim qələbəmizdə Diasporla İş üzrə Dövlət Komitəsinin çox böyük payı var”, - deyə Baş direktor nəzərə çatdırıb.
Qeyd edək ki, AMKM-in Baş direktoru Tahir Əmiraslanovun rəhbərliyi ilə hazırlanan “İrəvan Xanlığının Bölgə Mətbəxi” kitabı 2020-ci ildə nəfis tərtibatda “TEAS Press” Nəşriyyat evi tərəfindən çap edilib. Kitabın hazırlanması ilə bağlı işə Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda səsləndirdiyi “İrəvan, Ermənistan ərazisi bizim dədə-baba torpaqlarımızdır” ifadəsi əsas götürülərək başlanılıb. AMKM bu məqsədlə əslən İrəvan bölgəsindən olan, lakin o bölgədən didərgin düşmüş soydaşlarımızı müxtəlif tədbirlərə cəlb edib, 1500 nəfərdən müsahibə alıb, bir çox tarixi, etnoqrafik, elmi mənbələri araşdırıb, “Xanədan” etno restoranında İrəvan mətbəx günləri keçirib və İrəvan xanlığı guşəsi yaradıb. Nəticədə 413 xörək nüsxəsi toplanıb, onların texnoloji təhlili aparılıb, düsturlar texnoloji, tarixi, coğrafi, etnoqrafik cəhətdən dəqiqləşdirilib, təcrübədə hazırlanıb və şəkilləri çəkilib. Irəvan mətbəxinə aid tədqiqatlar kitabda 74 səhifədə, xörək düsturları isə 389 səhifədə yer alıb. Kitabda 220 adda xörəyin, müxtəlif şirniyyatlarıın, çörək məmulatlarının, içkilərin və s. şəklinə yer verilib.
Kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət işçisi, AMKM-in Baş direktoru Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev və AMKM-in baş texnoloqu, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır. Kitaba ön sözü nəşrin elmi redaktoru, AMEA-nın Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Maisə Rəhimova və filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli yazıb. Tarix elmləri üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Tahir Şahbazov kitaba rəy verib. Kitab çapa AMKM-in Elmi Şurası tərəfindən məsləhət görülüb.
Ekspertlər hesab edirlər ki, bu kitab Azərbaycan milli mətbəxinin ermənilər tərəfindən özününküləşdirilməsinə, mətbəx və mətbəx tarixinin mənimsənilməsinə qarşı güclü təbliğat vasitəsi kimi əsaslı mənbə və təbliğat silahı kimi istifadə edilə bilər.