Ukraynada Kiyev Tolerantlıq Forumu keçirilib
Ukrayna paytaxtında Kiyev Tolerantlıq Forumu (millətlərarası və konfessiyalararası platformalar) keçirilib.
Forum Kiyev şəhər dövlət administrasiyasının mədəniyyət departamentinin təşəbbüsü və dəstəyi, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Mərkəzin sədr müavini Natalya Kudryaşovanın aparıcılığı və Dini icmalarla əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Vyaçeslav Qorşkovun moderatorluğu ilə aparılan forumda milli azlıqların 36, dini birliklərin 17 təmsilçisi iştirak edib.
Tədbiri giriş sözü ilə Kiyev şəhər dövlət administrasiyasının mədəniyyət departamentinin millətlər şöbəsinin rəisi Olqa Vlasenko açıb. Qeyd edib ki, Kiyev müxtəlif etnik qrupların və dini icmaların azad və dinc yanaşı yaşadığı tolerant şəhərlərdən biridir. Kiyev şəhər rəhbərliyinin milli azlıqların və dini icmaların fəaliyyət göstərməsi üçün bütün imkanları təmin etməyə çalışdığı nəzərə çatdırılıb.
Forum zamanı gənc alimlərin, Kiyev və Dnipro şəhərindəki ali məktəblərin tələbələrinin millətlərarası tolerantlığa həsr etdikləri elmi işlər təqdim edilib. Müzakirələr zamanı etnik qrupa olan hörmət və şovinizmi ayıran hüdudlar və digər məsələlərdən bəhs edilib.
Sonda forum iştirakçılarına təşəkkürnamələr təqdim olunub.