Azərbaycan Küveytdə keçirilən məktəblərarası tədbirdə təmsil olunub
Küveytdə “American Baccalaureate School”da “Beynəlxalq gün” adlı məktəblərarası tədbir keçirilib.
Tədbirdə ölkəmizi “American Baccalaureate School”un ingilis dili müəllimi, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvü Nüşabə Lətifova təmsil edib.
Azərbaycanın təqdimatı respublikamızın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan guşəsində üçrəngli bayrağımız, gerbimiz, xalqımızın qədim adət-ənənələrini əks etdirən şəkillər, jurnallar nümayiş etdirilib.
Tədbir iştirakçılarına, valideynlərə və məktəb nümayəndəliyinə 8 Noyabr tarixinin Azərbaycanda Zəfər Günü olması ilə bağlı məlumat verilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsi dövründə əldə etdiyi parlaq Qələbəmizdən və Qarabağın işğaldan azad olunmasından danışılıb.
Tədbir çərçivəsində keçirilən rəqs müsabiqəsində milli geyimli məktəb şagirdləri “Biz İki Dövlət, Bir Millətik” adlı mahnının sədaları altında Azərbaycan rəqsini ifa ediblər. Təqdimat “Yaşasın Azərbaycan!”, “Qarabağ Azərbaycandır!” şüarları ilə yekunlaşıb.
Ölkəmizi maraqlı təqdimatla təmsil edən Nüşabə Lətifova “Beynəlxalq gün” tədbirində birinci yerə layiq görülüb.