Poltava Vilayəti Azərbaycanlıları Radası təsis edilib
Poltava Vilayəti Azərbaycanlıları Radasının təsis olunması münasibətilə Poltava şəhərində təqdimat mərasimi keçirilib.
Mərasimdə şəhər və vilayət rəsmiləri, deputatlar, diplomatlar, Azərbaycan icmasının və yerli KİV-lərin nümayəndələri iştirak ediblər.
Ukrayna və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Poltava Vilayəti Azərbaycanlıları Radasının sədri Füzuli Qənbərov, Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmsədri Oleq Krapivin, UAR Baş katibi Ceyhun Məmmədov, Poltava şəhər meri Aleksandr Mamay, ölkəmizin Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev, Kremençuq şəhər şurasının deputatı Aleksandr Pleckaç, Poltava şəhər və vilayət şuralarının deputatları İqor Kislov, Oleq Perepelitsa və başqa icmaların rəhbərləri çıxış ediblər.
Natiqlər yeni diaspor təşkilatının təşəkkül tapması münasibətilə Poltavadakı soydaşlarımızı təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Onlar 44 günlük Vətən müharibəsindən sonrakı dövr üçün diaspor fəaliyyətində yeni istiqamətlərin müəyyənləşdirildiyinə, Azərbaycan icmalarının lobbiçilik prinsiplərinə əsaslanaraq təşkilatlandığına, Poltavada yaradılan təşkilatın bu istiqamətdə atılan ilk addımlardan biri olduğuna diqqəti cəlb ediblər. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və qayğısı nəticəsində dünyada, o cümlədən Ukraynada da diaspor quruculuğu güclənməkdədir. “Biz diaspor təşkilatlarının fəaliyyətinin gücünə 44 günlük Vətən müharibəsində də olduq. Ancaq bu istiqamətdə yeni çağırışlara cavab vermək üçün daha da inkişaf edib güclənməliyik”, - deyə S.Rzayev vurğulayıb.
“Əvvəla, mer seçkilərində mənə dəstək olan azərbaycanlılara təşəkkürümü bildirirəm. İnanıram ki, bu cür təşkilatlanma qonşu vilayətlərdə yaşayan həmvətənlərimiz üçün də faydalı olacaq. Şəhərimizdə Azərbaycan Radasının açılışı ilə yeni istiqamətlər üzrə işlərə start veririk. Gələn həftə Poltava administrasiyası Rada ilə əməkdaşlıq haqqında memoranduma imza atacaq. Növbəti ildən birgə layihələr icra edəcəyik”, - deyə mer A.Mamay əlavə edib.
Tədbirin sonunda Poltava Vilayəti Azərbaycanlıları Radasının məramı və perspektivləri barədə ətraflı məlumat verilib və Azərbaycan diasporu rəhbərlərinə fəxri fərmanlar təqdim edilib.