...

Dövlət Komitəsinin nümayəndə heyəti Qazaxıstanda səfərdə olub

26.11.2021

Vətən Müharibəsinin parlaq qələbə ilə başa çatmasının birinci ildönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Qazaxıstanda səfərdə olub.

Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər Günü münasibətilə ölkəmizin Qazaxıstandakı səfirliyinin rəsmi qəbulunda iştirak edib, diaspor təşkilatlarının Almatı, Türkistan, Şimkənd və Sayram şəhərlərində təşkil etdikləri tədbirlərə qatılıb.

Sayram rayonunun Karasu kəndində 200-dən artıq diaspor üzvünün iştirakı ilə təşkil olunan bayram tədbirində Azərbaycan, Qarabağ və Zəfər Günü mövzuları üzrə keçirilmiş inşa və rəsm müsabiqələrinin qaliblərinə Komitə adından hədiyyələr təqdim edilib.

Bayram tədbirləri çərçivəsində “Qarabağ” Etno-Mədəni Mərkəzinin rəhbəri Ramilə Mustafayevanın təşkilatçılığı ilə Türkistan şəhərində “Dostluq” mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində Qazaxıstan Xalqlar Assambleyasının Türkistan vilayəti üzrə rəhbər şəxsləri, türk, azərbaycanlı, Ahıska türkü, qazax, özbək və digər xalqların diaspor fəalları və dini icma üzvləri iştirak ediblər.

Səfər zamanı Nur-Sultan şəhərində Qazaxıstanın İctimai İnkişaf və İnformasiya Nazirliyinin Etnik Münasibətlərin İnkişafı Komitəsinin sədr müavini Erkin Uysimbayev, komitənin diaspor və həmvətənlərlə iş üzrə idarəsinin rəisi Maksat Majitov, “Otandastar Fondu”nun icraçı direktoru Nurxan Jaliyev, fondun vitse-prezidenti Maqauiya Sarbasov və fond prezidentinin müşaviri Qalybek Qoblandla görüşlər keçirilib. Tərəflər strukturlar arasında mədəni və mədəni-humanitar sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıblar.

Qardaş və dost ölkənin rəsmi şəxslərinə Qazaxıstanın ali rəhbərliyinin Vətən müharibəsi dönəmində ölkəmizin ərazi bötüvlüyünün və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladığı məktubla əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun minnətdarlığı çatdırılıb.