...

ABŞ və Kanadadakı Buxara yəhudilərinin Azərbaycanla münasibətləri haqqında məqalə dərc edilib

26.11.2021

ABŞ-da fəaliyyət göstərən “The Bukharian Times” qəzetində Azərbaycandan bəhs edən “Mühüm və perspektivli görüşlər” sərlövhəli məqalə dərc olunub.

Qəzetin baş redaktoru Rafael Nektalovun qələmə aldığı məqalədə qeyd edilib ki, son iki onillikdə ABŞ və Kanadadakı Buxara Yəhudiləri Konqresi Qafqaz və Zaqafqaziya üzrə ən böyük yəhudi icmasının yaşadığı Azərbaycanla münasibətlərini fəal şəkildə inkişaf etdirir.

Məqalədə baş redaktorun Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev və mədəniyyət naziri Anar Kərimovla görüşləri barədə ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, dövlət məmurları Azərbaycan xalqına böyük hörmətlə yanaşan, ölkəmizin mədəniyyət və incəsənətini ABŞ-da təbliğ edən Buxara Yəhudiləri Konqresinə minnətdarlıqlarını bildiriblər. Görüşlər zamanı mədəni layihələr və Dövlət Komitəsi ilə Buxara Yəhudiləri Konqresi arasında xalq diplomatiyasının inkişaf perspektivləri müzakirə edilib.

Müəllif qeyd edib ki, komitədə görüşü zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-da səfərdə olduğu məlum olub. Həmin səfər ABŞ-ın müxtəlif şəhərlərindəkı Azərbaycan diasporu ilə birlikdə Zəfər Gününü qeyd etmək məqsədilə təşkil edilib. Qələbənin birinci ildönümünün sevincini əks etdirən tədbirlərdə Dağ və Avropa yəhudiləri də böyük məmnuniyyətlə iştirak ediblər.

Məqalədə Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq dəyərlərindən, Qubanın Qırmızı qəsəbəsindəki Dağ yəhudiləri muzeyindən bəhs edilib. “Orada gördüklərimiz bizi heyrətə gətirdi. Muzey o qədər gözəl, müasir və zövqlə tərtib olunub ki, Buxara, Gürcüstan, Yəmən, İran yəhudiləri olaraq biz bu barədə yalnız xəyal edə bilərik. Bütün bunlar təkcə dağ yəhudilərinin, qan qardaşlarımızın deyil, bu respublikada yaşayan bütün milli azlıqların mədəniyyətinin, mənəviyyatının yenidən canlandığı müasir Azərbaycanda baş verir”, - deyə müəllif nəzərə çatdırıb.

Qeyd edək ki, “The Bukharian Times” gündəlik qəzeti 1996-cı ildə ictimai xadim, Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandov tərəfindən təsis edilib. Qəzetin əsas redaksiyası Nyu-York şəhərində yerləşir.