Elmdə uğura səbəb olan əsas faktorlar müzakirə edilib
Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) təşkilatçılığı ilə “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda vebinar keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, AMEA-nın Kimya Elmləri Bölməsinin dəstəyi ilə baş tutan tədbirə Azərbaycan, ABŞ, Kanada, Almaniya və Portuqaliyada yaşayan və çalışan müəllimlər, tədqiqatçılar və tələbələr qatılıblar.
Cəmiyyətin elm, təhsil və tədqiqat üzrə meneceri Elmir Babayevin moderatorluğu ilə aparılan vebinar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin anılması ilə başlayıb. Sonra moderator Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı böyük Qələbənin birinci ildönümü münasibətilə xalqımızı və vebinar iştirakçılarını təbrik edib.
Tədbir ABŞ-da yaşayan, Emori Universitetindəki “Emerson adına Elmi Hesablamalar Mərkəzi”nin direktoru professor Camal Musayevin “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda təqdimatı ilə davam edib. Alim döyüş meydanında qazanılan zəfərdən elmi zəfərə gedən yolda gənc alimlərin rolundan, şəxsi təşəbbüsü ilə yaradılmış elmi mərkəzdən və həyata keçirilən müxtəlif istiqamətli tədqiqatlardan danışıb. Həmyerlimiz birgə tədqiqat imkanları, gənclərin xaricdə təhsili barədə fikirlərini bölüşüb və vebinar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, professor Musayevin rəhbərliyi ilə aparılan tədqiqatların nəticələri hərbi sənaye, farmakologiya, alternativ və yenilənə bilən enerji sahələrində geniş şəkildə tətbiq olunmaqdadır.