...

Cenevrədəki beynəlxalq tədbirdə Azərbaycan rəqsləri nümayiş etdirilib

26.11.2021

Cenevrədə keçirilən “Les Automnales” payız yarmarkasında Azərbaycan incəsənətinin təqdimatı keçirilib.

“Palexpo” sərgi mərkəzində baş tutan ənənəvi yarmarka çərçivəsində müxtəlif xalqların musiqi, rəqs, animasiya, döyüş sənəti sahələrində uğurlarını nümayiş etdirən 600-dən çox rəngarəng tədbir keçirilib. Azərbaycan incəsənətinin təqdimatı ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin dəstəyi ilə baş tutub.

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Mariya Xan-Xoyskaya Martiqnoli bildirib ki, bir neçə il öncə milli rəqslərimizi ilk dəfə bu nüfuzlu yarmarkada təqdim etmək şərəfi gənc rəqqasə kimi ona nəsib olub. O zamandan indiyədək Cenevrə Mədəniyyət Assosiasiyası adından bu tədbirə qatılır və milli rəqslərimizi nümayiş etdirir. Bu il isə yarmarkanın tarixində ilk dəfə olaraq azərbaycanlı rəqqasənin şagirdləri çıxış ediblər. Cenevrə və onun ətrafında yaşayan, Cenevrə Mədəniyyət Assosiasiyasının yetirmələri olan azərbaycanlı uşaqlar Azərbaycanın ”Yallı” və “Ağ çiçək” rəqslərini təqdim ediblər.

“Rəqslərimiz, xüsusilə “Yallı” bizim böyük qələbəmizin və ədalətin zəfər çalmasının rəmzinə çevrildi”, - deyə diaspor üzvü əlavə edib.

Bu dəfə azərbaycanlı rəqqasə həm də gürcü həmkarları ilə birlik və həmrəylik nümayiş etdirib. Gürcüstan dövlət baleti “Suxişvili”nin keçmiş solisti, Gürcüstan Folkloru Teatrı “NABADİ”nin rəhbəri Nino Turabelidzenin rəhbərliyi ilə hazırlanan gürcü rəqsini ifa edib. Gürcü diasporunun nümayəndələri dost xalqlarımıza məxsus qədim rəqs irsinin gözəlliyi və unikallığını layiqli şəkildə təqdim etdiyinə görə azərbaycanlı rəqqasəyə və onun yetirmələrinə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bu yarmarkanı hər il yüz mindən çox insan ziyarət edir. Builki ziyarət sayı 133 min 900-dən çox insanı əhatə edib.