...

Belqradda Nizami Gəncəviyə həsr olunmuş ədəbi-bədii gecə təşkil edilib

24.11.2021

Belqrad şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkillatçılığı ilə gerçəkləşdirilən tədbir paytaxtdakı Milli Muzeyin Atrium zalında baş tutub.

“Mədəniyyətlərin dialoqu. Nizami Gəncəvinin 880 illiyi” adlı ədəbi-bədii gecədə
qüdrətli söz ustadının qəzəlləri Azərbaycan dilində və ilk dəfə serb dilində səsləndirilib. Şeirləri serb dilinə Vera Xorvat tərcümə edib.

Bədii hissədə çıxış edən Jasmina Trumbetaş (soprano), Zərifə Əlizadə (piano), Mina Ristić Jonić (piano), İsidora Marjanović (skripka) Azərbaycan, serb və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Eldar Mansurovun əsərləri tamaşaçılarda böyük maraq doğurub.

Tədbir çərçivəsində rəssam Yevgenija Türkoğlunun (Azərbaycan) sərgisi təşkil edilib.

Qeyd edək ki, ədəbi-bədii gecədə Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, diplomatik korpusun, “Azvirt” şirkətinin, Türkiyənin “Yunus Əmrə” mədəniyyət evinin, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak edblər.