...

Azərbaycanlı həkim Çeçenistan hökumətində yüksək vəzifəyə təyin olunub

22.11.2021

Xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə nüfuz sahibinə çevrilməsi və yüksək etimada layiq görülməsi prosesi davam edir. Belə soydaşlarımızdan biri də Elxan Süleymanovdur.

Bu günlərdə E.Süleymanov Rusiya Federasiyasının Çeçenistan Respublikası hökumətinin sədr müavini vəzifəsinə təyin olunub. Bu yüksək dövlət vəzifəsinə qədər Azərbaycan əsilli məmur Çeçenistan Respublikasının səhiyyə naziri olub.

Qeyd edək ki, Elxan Süleymanov 1974-cü ildə Bakıda anadan olub. Əslən Qusar rayonunun Həzrə kəndindəndir. Azərbaycan Tibb Universitetini və Moskvada N.N.Bloxin adına Rusiya Onkoloji Mərkəzinin bazasında aspiranturanı bitirib, ABŞ və Almaniyada təcrübə keçib. Bakı Onkoloji Elmi Mərkəzində işləyib. Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun dəvəti ilə Moskvadan bu respublikaya gəlib. Qroznı Onkoloji Dispanserinin rəhbəri və Çeçenistan Respublikasının səhiyyə naziri vəzifələrində çalışıb.

Diasporla İş üzrə Dövlət Komitəsi həmvətənimizi yüksək və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edir, ona davamlı uğurlar arzulayır.