...

Səmərqənd şəhərində Nizami Gəncəvinin yubileyi qeyd edlib

22.11.2021

Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə tədbir keçirilib.

“Respublika Azərbaycan” Milli Mədəniyyət Mərkəzinin (RAMMM) Səmərqənddəki filialı ilə birgə təşkil edilən tədbirdə universitetin professor-müəllim heyəti, elm, mədəniyyət və incəsənət xadimləri, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirdə universitetin prorektoru Muxtar Nasırov, RAMMM-nin sədri Firdovsi Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Zaur Ramazanov, universitetin dosenti Əlişir Razzakov və RAMMM-nin Səmərqənd filialının rəhbəri Ədilağa Mirzəyev çıxış ediblər. Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması, Özbəkistanda isə böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlərin təşkil olunduğu, hər iki ustadın dünya ədəbiyyatı tarixinə “Xəmsə” yazan şairlər kimi düşdüyü bildirilib. Qeyd edilib ki, Nizami Gəncəvini öz müəllimi hesab edən Əlişir Nəvai türk dilində “Xəmsə” yaradıb. Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərindən ayrı-ayrı məqamlar təhlil edilib, onların oxşar və fərqli cəhətləri göstərilib.

Tədbir universitet tələbələrinin ifasında Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərindən parçaların səsləndirilməsi ilə davam edib.