Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor məsələlərinə məsul qurumlarının rəhbərlərinin iclası keçirilib
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul nazirlik və təşkilat rəhbərlərinin videoformatda IV iclası keçirilib.
Qazaxıstan Respublikası İnformasiya və Sosial İnkişaf Nazirliyinin ev sahibliyi və TDT Katibliyinin moderatorluğu ilə keçirilən iclasda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev, Qazaxıstan Respublikası Sosial İnkişaf və İnformasiya nazirinin müavini Serik Egizbayev, Türkiyə Respublikası Mədəniyyət Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Eren, Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Məcburi Miqrasiya üzrə Departamentinin direktoru Taştanbek Kayimazarov, Özbəkistan Respublikasının Nazirlər Kabineti nəzdində Millətlərarası Əlaqələr və Xarici Ölkələrlə Dostluq Komitəsinin sədri Rustambek Kurbanov iştirak ediblər.
Əvvəlcə TDT Baş katibinin müavini Qismət Gözəlov iclasın gündəliyində olan məsələlər barədə qısa məlumat verib.
Qeyd edilib ki, iclas TDT-yə üzv ölkələrin dövlət başçılarının 12 noyabr 2021-ci ildə İstanbulda şəhərində keçirilmiş TDT-nin VIII Zirvə Toplantısının Bəyannaməsində əksini tapmış diaspor sahəsində əməkdaşlığa dair dövlət başçılarının qərarlarının və onların əsas istiqamətlərinin, habelə “Türk Dünyasına Baxış - 2040” sənədində qarşıya qoyulmuş məsələlərin ətraflı müzakirəsinə həsr olunub.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğız və Özbəkistan tərəfdən məsul şəxslər çıxış edərək, zirvə toplantısının və burada qəbul edilən qərarların əhəmiyyətini vurğulayıblar. Tərəflər türk dövlətlərinin diasporlarının mövcud vəziyyəti, üzv dövlətlərin diaspor məsələləri üzrə dövlət qurumlarının, eləcə də xaricdəki diasporlar arasında əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi yolları barədə də geniş fikir mübadiləsi aparıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini E.Əliyev çıxışına Ermənistan tərəfinin 16 noyabr tarixində Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizin əziz xatirəsini yad etməklə başlayıb. O, 44 günlük Vətən müharibəsi dövründə TDT-nin ölkəmizə dəstəyini qeyd edərək, təşkilatın regionda və dünyada sülh və təhlükəsizliyin təmin olunmasındakı rolundan danışıb. E.Əliyev 44 günlük müharibənin sonunda imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələrək Zəngəzur dəhlizinin açılmasına dair müddəaya diqqət çəkib, bu dəhlizin həm Azərbaycanın, həm də regionun və ən əsası isə türk dünyasının imkanlarını artıran və birləşdirən əsasən strateji yol olduğunu vurğulayıb. Sədr müavini Qazaxıstanın birinci Prezidenti, Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə ərsəyə gələn “Türk Dünyasına Baxış - 2040” strategiyasına Zəngəzur dəhlizinin açılmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib.
Çıxışlardan sonra iclasın gündəliyinə uyğun olaraq yekun müzakirələr aparılıb. Müzakirələrdən sonra “Türk Dövlətləri Təşkilatının 2022-ci il üçün diaspor sahəsində Birgə Fəaliyyət Planı” qəbul edilib. Tərəflər 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Bursa şəhərində 2022-ci ilin mart ayında “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diasporla iş sahəsində məsul qurumlarının II Təcrübə Mübadiləsi Proqramı”nın təşkil olunması, eyni zamanda 2022-ci ilin mart ayında Bursada “Türk Dövlətləri Təşkilatının II Diaspor Forumu”nun çağırılması barədə razılığa gəliblər.
“3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Günü”nün 2022-ci ildə TDT-nin sədri kimi Türkiyənin diplomatik nümayəndəlikləri vasitəsilə qeyd olunacağı bildirilib. TDT-nin Macarıstandakı nümayəndəliyində də analoji tədbirin təşkili barədə qərar qəbul edilib.
TDT-nin həyata keçirdiyi müvafiq tədbirlərdə iş adamlarının və diaspor gənclərinin müntəzəm iştirakını təmin edən qərarlar qəbul olunub. Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında TDT-nin I Diaspor Gənclər Forumunun 2022-ci ildə Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib.
Qeyd olunub ki, TDT-nin diaspor məsələləri üzrə qurum rəhbərlərinin V Toplantısı 2022-ci ildə Qırğız Respublikasında keçiriləcək.