...

Belarus paytaxtında Zəfər Gününə həsr olunmuş konsert keçirilib

19.11.2021

Minsk şəhərində Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin birinci ildönümünə həsr olunmuş təntənəli konsert keçirilib.

Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi”nin gənclər şöbəsinin təşkil etdiyi bayram tədbirində 150-dən çox qonaq iştirak edib.

Təntənəli “Azərbaycan” kompozisiyası ilə açılan tədbirdə Azərbaycan və Belarusun Dövlət himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin rəsmi hissəsində “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırov, Azərbaycan və Türkiyənin Belarusdakı səfirliklərinin müşavirləri çıxış ediblər. Onlar xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını möhtəşəm bayram münasibətilə təbrik ediblər.

Sonra Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynovun ifasında Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “İthaf” əsərinin videoçarxı nümayiş etdirilib, Natiq Bağırovun müəllifi olduğu şeir səsləndirilib.

Daha sonra Belarus və Azərbaycan sənətçiləri Lamiyə Albabayeva, Aleksandra Kazımova, Bəhram Quliyev, Diana Sultaliyeva, Vadimir Ovçuk, Ruslan Berezovski, Mişel, “Neruş” folklor qrupu, Günəş Abbasova, Rilaya Hüseynzadə, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri çıxış ediblər.

Tədbir “Azərbaycan İcmaları Konqresi”nin adından konsert təşkilatçılarına və iştirakçılarına fəxri fərmanların təqdim olunması ilə yekunlaşıb.