...

Azərbaycan Salonikidə keçirilən beynəlxalq turizm sərgisində təmsil olunub

19.11.2021

Yunanıstanın Saloniki şəhərində keçirilən “36-cı Philoexenia” adlı beynəlxalq turizm sərgisində Azərbaycan təmsil olunub.

Azərbaycan Dövlət Turizm Agentliyi və “Qala Azərbaycan-Yunanıstan Dostluq Cəmiyyəti”nin dəstəyi, ölkəmizin Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə sərgidə qurulan Azərbaycan guşəsində ölkəmizin turizm potensialını, tarixini və mədəniyyətini əks etdirən kitablar, broşürlər, suvenirlər, milli musiqi alətləri və şirniyyat nümunələri nümayiş etdirilib, videoçarxlar təqdim edilib.

Azərbaycanın turizm potensialı sərgi ziyarətçilərində böyük maraq doğurub. Guşəmizdə qonaqları qarşılayan azərbaycanlı tələbələr ölkəmizdə mövcud olan turizm və təhsil imkanları barədə onlara ətraflı məlumat veriblər.

Qeyd edək ki, sərgidə 27 ölkə təmsil olunub, 19 ölkənin kommersiya şirkətləri alıcı qismində iştirak ediblər. Sərgiyə qatılanların 45 faizini iş adamları və müxtəlif şirkətlərin nümayəndələri təşkil edib.