...

Azərbaycanlı idmançılar Əbu-Dabidə keçirilən dünya çempionatının qızıl və gümüş medallarını qazanıblar

19.11.2021

Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlı idmançılar Omar Abdulla (11 yaş) və Yasin Dadaşov (8 yaş) Əbu Dabi şəhərində keçirilən gənclər arasında Jiu Jitsu üzrə dünya çempionatının qızıl və gümüş medallarını qazanıblar.

46 kq çəki kateqoriyasında mübarizə aparan Omar Abdulla rusiyalı rəqibləri Zahar Slivenkonu və Yasin Elnemri məblub edib. Finalda BƏƏ təmsilçisi Saif Al-Mazrouei ilə qarşılaşan Omar rəqibi üzərində qələbə qazanaraq çempion olub.

30 kq çəki kateqoriyasında mübarizə aparan Yasin Dadaşov isə BƏƏ vətəndaşı Xəlifə Matruşini, mərakeşli Məhəməd Razini, misirli Yasin Abu El-Soudu, ukraynalı Andrey Qreçkonu məğlub edib. Finalda Kanada təmsilçisi Ali Etmanla qarşılaşan soydaşımız üstünlüyü əldən verərək, çempionatın ikincisi olub.

Qeyd edək ki, 2019-cu ildə Əbu Dabidə uşaqlar arasında keçirilən dünya çempionatında Omar Abdulla finalda erməni təmsilçisini məğlub edərək qızıl medal qazanmışdı.