Latın Amerikası ölkələrində yaşayan Azərbaycan icması ilə görüş keçirilib
Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində Latın Amerikası ölkələrində yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib.
Tədbir Azərbaycan və Meksikanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov 8 Noyabr - Zəfər Günü münasibətilə soydaşlarımızı təbrik edərək, bu tarixin bütün dünyada silsilə tədbirlərlə qeyd edildiyini, bu qələbənin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi-diplomatik səylərinin nəticəsi olduğunu bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Komitənin fəaliyyət istiqamətləri, Azərbaycan diasporunun təşkilatlanması və koordinasiyalı fəaliyyəti istiqamətində atılan addımlar, 2020-ci ilin iyul hadisələri və Vətən müharibəsi dövründə diasporun gördüyü işlər haqqında məlumat verib.
Daha sonra diasporun gələn ilki fəaliyyət planlarına dair müzakirələr aparılıb. Müzakirələr zamanı Meksikada yaşayan tanınmış professor Natiq Atakişiyev, Çilidə yaşayan azərbaycanlı professor Şəhriyar Nəsirov, Kolumbiyada yaşayan Emil Əliyev, Kosta-Rikada yaşayan Solmaz Qurbanzadə və digər tədbir iştirakçıları Latın Amerikası ölkələrində göstərdikləri fəaliyyətlər haqqında məlumat verib, gələcək fəaliyyətlə bağlı təkliflərini səsləndiriblər.
Meksikada yaşayan diaspor nümayəndələri Sevda Verdiyeva, Səbinə Əlizadə, Gülnarə Mehdiyeva və peşəkar musiqiçi Nana Babayeva Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycanın Meksikadakı səfirliyinə görüşün təşkilinə görə təşəkkürünü bildirib, belə görüşlərin önəmini vurğulayıblar.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə və diaspor nümayəndələrinin Şuşaya səfərlərinə həsr edilmiş videoçarxlar nümayiş olunub.