...

İsrailin Netanya şəhərində Zəfər Günü münasibətilə aksiya təşkil olunub

17.11.2021

İsrailin Netanya şəhərindəki Yad-le Banim parkında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş aksiya keçirilib.

Aksiya İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri, "Cəmiyyət üçün beynəlxalq layihələr" adlı qeyri-hökumət təşkilatının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “The Yerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qutun təşkilatçılığı ilə baş tutub.

Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalandırıldığı, “Qarabağ Azərbaycandır!”, “Azərbaycana qarşı erməni təcavüzünü durdurun!” şüarlarının nümayiş etdirildiyi aksiyada ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Arye Qut, I Qarabağ müharibəsinin qaziləri Əsəd Fərəcov və Hafiz Rəhimov xalqımızı möhtəşəm bayram münasibətilə təbrik ediblər. Onlar bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri bu qələbəni böyük hünər və şücaət nəticəsində qazanıblar. Bununla da təkcə Qarabağ işğaldan azad edilməyib, həm də Cənubi Qafqaz bölgəsində erməni faşizminin qarşısını alınıb.

Aksiya zamanı “Bayatı-Şiraz” muğamının parçası, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır”, Rəşid Behbudovun ifasında “Ey Vətən” mahnıları səsləndirilib.