...

Seul şəhərində Zəfər Günü münasibətilə məlumatlandırıcı aksiya təşkil edilib

16.11.2021

Koreya Respublikasının paytaxtı Seul şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə məlumatlandırıcı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Koreyadakı səfirliyinin iştirakı və “BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya paytaxtın Sodemun rayonu ərazisindəki “Şinçon” metro stansiyası yaxınlığında baş tutub.

Azərbaycan guşəsində 8 Noyabr tarixinin ölkəmizdə Zəfər Günü kimi qeyd edildiyinə diqqət cəlb edilib. Burada “Qarabağ Azərbaycandır!” şüarını, Qarabağın abidələrinin və görkəmli şəxsiyyətlərinin təsvirlərini əks etdirən bannerlər, Bakı Media Mərkəzinin istehsal etdiyi “My Country – Azerbaijan” (“Mənim ölkəm – Azərbaycan”) videoçarxı, vətənimizə həsr olunmuş jurnallar, bukletlər, qədim musiqi alətlərimiz və suvenirlər nümayiş etdirilib.

Seul sakinləri Azərbaycandan bəhs edən materiallarla tanış olub, milli alətlərimizlə bannerlərin qarşısında şəkil çəkdirib, #Karabakh və #Azerbaijan həştəqlərini öz sosial şəbəkə səhifələrində paylaşıblar. Ziyarətçilər üzərində “Xarı Bülbül” loqosu həkk olunmuş QR-kodlu kofe və nar şirəsinə qonaq edilib.

Azərbaycanın Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov aksiyanı Sodemun rayonun meri Mun Sok Cinlə birlikdə ziyarət edib.