...

İsrailin Kiryat Bialik şəhərində soydaşlarımızla görüş olub

15.11.2021

İsrailin Kiryat Bialik şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri ilə görüş keçirilib.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə şəhər meri Naum Raçevski, “Azİz”in prezidenti Lev Spivak, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Xəyalə Hüseynova və diaspor üzvləri iştirak ediblər.

“Azİz”in nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın moderatorluğu ilə aparılan tədbirdə çıxış edənlər xalqımızı və İsraildəki həmvətənlərimizi Azərbaycanın Zəfər Günü münasibətilə təbrik ediblər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızı azad etməsi böyük tarixi hadisə adlandırılıb, “Azİz” təşkilatının Azərbaycan həqiqətlərinin yerli və dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyət yüksək qiymətləndirilib. Diaspor fəaliyyətinin daha da gücləndirilməsi üçün İsraildə Azərbaycan Evinin açılmasının məqsədəuyğun olması ideyası səsləndirilib.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə hesabatının təqdim edilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.