...

“Azİz”in Yerusəlim şəhərindəki ofisində görüş keçirilib

14.11.2021

Yerusəlimdə yerləşən “Repatriant Evi” binasında “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının bu şəhərdəki şöbəsinə məxsus ofisin rəmzi açılış mərasimi keçirilib.

“Azİz”in Yerusəlim şöbəsinin rəhbəri Aleksandr Aqranovski və Yerusəlimdəki Dağ yəhudiləri icmasının fəalı Diana Abramovanın təşkil etdiyi tədbirdə Yerusəlim merinin repatriasiya və inteqrasiya məsələləri üzrə müşaviri Yelena Jarovskaya, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəri Anatoli Rafailov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Xəyalə Hüseynova, İsrail Yazıçılar Birliyinin üzvü Sara Rəhmani, İsrail Opera Teatrının solisti Kameliya Yoffe və başqaları iştirak ediblər.

Mərasimdə çıxış edən Anatoli Rafailov və Xəyalə Hüseynova ölkəmizi parlaq Zəfərə aparan proseslər barədə ətraflı məlumat verib, 30 ilə yaxın dövrdə işğaldan əziyyət çəkən Qarabağ torpaqlarında hazırda Azərbaycan dövlətinin apardığı bərpa işlərindən danışıb, tədbir iştirakçılarının çoxlu sayda suallarını cavablandırıblar.