Türkiyənin Bartın şəhərində Zəfər Günü münasibətilə tədbir keçirilib
Türkiyənin Bartın şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Bartın Ülkü Ocaqları və Azərbaycan Gənclik Təşkilatının birgə təşkil etdiyi tədbirdə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Zəfər Günü barədə məlumat verilib.
Azərbaycan Gənclik Təşkilatının rəhbəri, Bartın Universitetinin tələbəsi Fərid Allahverdiyev və Bartın Ülkü Ocaqlarının rəhbəri Duran Iğıl çıxış edərək, Azərbaycanın haqq savaşında qələbə qazandığını bildiriblər. Azərbaycan və Türkiyə münasibətlərinin bütün dünyaya örnək olduğu, “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan dostluq və qardaşlıq bağlarının günü-gündən möhkəmləndiyi vurğulanıb.
Tədbir çərçivəsində şəhərin mərkəzi prospektlərindən birində - “Hükumet Caddesi”ndə "Zəfər Günü" adlı fotosərgi təşkil olunub. Şəhər sakinləri sərgiyə böyük maraq göstəriblər.