Bişkekdə Zəfər Günü təntənə ilə qeyd edilib
Bişkek şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Qırğızıstan azərbaycanlılarının “Azəri” ictimai birliyinin təşkil etdiyi tədbirdə dövlət orqanlarının nümayəndələri, millət vəkilləri, Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun və Qırğızıstan Xalqları Assambleyasına daxil olan müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
Azərbaycan və Qırğızıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə açılan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bayram tədbirinin rəsmi hissəsində “Azəri” ictimai birliyinin sədri Əzizağa Əliyev, Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və Qırğızıstanın tanınmış dövlət xadimi Kurbanbek Osmonov çıxış ediblər. Xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını möhtəşəm qələbə münasibətilə təbrik edən natiqlər torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, Dağlıq Qarabağ münaqişəsinə son qoyulması naminə Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasəti yüksək qiymətləndiriblər. Türk Şurasının üzvü olan Qırğızıstanın 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəklədiyi vurğulanıb və buna görə minnətdarlıq ifadə edilib.
Sonra Zəfər Günü münasibətilə məktəblilər arasında keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.
Tədbir bayram konserti ilə davam edib.