İjevskdə Zəfər Gününə həsr olunan tədbir keçirilib
"Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzi"nin İjevsk Regional İctimai bölməsinin təşkilatçılığı ilə Azərbaycanın Vətən müharibəsində Qələbəsinin birinci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirin əvvəlində Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqları salamlayan "Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzi" İdarə heyətinin sədri Zülfüqar Mirzəyev tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. O vurğulayıb ki, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan torpaqlarının təxminən 30 il davam edən işğalına son qoyulub və ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Daha sonra təşkilatın Ağsaqqallar Şurasının sədri Şahlar Mustafayev, eləcə də Sarapul, Votkinsk şəhərləri, Malapurqinsk, Şarkansk, İqrinsk, Karakulins rayon şöbələrinin rəhbərləri çıxış ediblər.
Tədbir zamanı müharibəyə həsr olunan slaydlar nümayiş etdirilib. Bazar günü məktəbinin şagirdləri şeir söyləyərək, milli rəqslər ifa ediblər. Azərbaycan diasporunun yaradıcı kollektivi isə vətənpərvər mahnılar oxuyub.