Minskdə Azərbaycan dili və mədəniyyəti mərkəzi ziyarət edilib
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Belarusa səfər çərçivəsində Minsk şəhərindəki Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzini ziyarət ediblər.
Görüş zamanı Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və müdir müavini Mahmud Əhmədov mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Doğma dilimizin bu ölkədə tədrisi ilə məşğul olan təhsil ocağının fəaliyyətini gücləndirə biləcək məsələlər, o cümlədən texniki bazanın mövcud vəziyyəti müzakirə edilib.
Dövlət Komitəsinin adından mərkəzə kitablar və xatirə hədiyyələri təqdim olunub.