...

Xaricdəki soydaşlarımız Prezident İlham Əliyevi təbrik edib

11.11.2021

Xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, soydaşlarımız və ölkəmizə dost xalqların nümayəndələri tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ünvanına 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik məktubları daxil olur.
Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov, “Qala” Azərbaycan-Yunanıstan Dostluq Təşkilatının sədri Rəşid Məmmədov, İordaniyada Azərbaycan diasporunun koordinatoru və rəhbəri Zümrüd Dadaşova, İordaniya Krallığında fəaliyyət göstərən Azərbaycan Universitetləri və Müəssisələrinin Məzunları Klubunun prezidenti Əbu İnnab Ayham Rəsmi, Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrləri Vasif Muradlı və Arzu Oqtay, “Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri, Novosibirsk Vilayəti Qanunverici Məclisinin deputatı Mayis Məmmədov, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər, Rusiya Elmlər Akademiyasının akademiki, “Dostluq”, “Şöhrət” ordenləri və Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif olunmuş Məmməd Əliyev, “Ukrayna Azərbaycanlıları Elmi Şurası”nın sədri, hüquq elmləri doktoru, professor Arif Quliyev, Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.
Xaricdə yaşayan azərbaycanlılar tarixi Zəfərin birinci ildönümü münasibətilə Ali Baş Komandanı qürur hissi ilə təbrik edib, torpaqlarımızı 30 illik işğaldan azad etdiyinə və Azərbaycan xalqına böyük Qələbə bəxş etdiyinə görə dərin minnətdarlıqlarını bildiriblər.
Məktublarda qeyd olunub ki, harada yaşamasından asılı olmayaraq, Azərbaycan bütün azərbaycanlıların əbədi Vətəni olaraq qalacaq və onlar dövlətimizin siyasətini hər zaman dəstəkləyəcəklər.