İstanbulda Zəfər Günü münasibətilə gəmidə bayram gecəsi keçirilib
İstanbulda “Validə Sultan” gəmisində 8 Noyabr - Zəfər Günü qeyd edilib.
Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutan tədbir hər iki qardaş ölkənin şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
İSTAD rəhbəri Səfər Qaraqoyunlu Vətən müharibəsində qazanılan Zəfərin ən mühüm nəticələrindən birinin türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılması olduğunu bildirib. Azərbaycanın İstanbuldakı konsulu Anar Axundov və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi dəstəyin əhəmiyyətini bir daha vurğulayıblar.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım isə çıxışında Türkiyə-Azərbaycan qardaşlığının çoxəsrlik tarixindən və istənilən müstəvidə uğurla inkişaf edən bugünkü münasibətlərindən söz açıb.
Bayram gecəsində Azərbaycan və Türkiyədən ictimai-siyasi xadimlər, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Tədbir bədii hissə ilə davam edib.