...

Diaspor könüllüləri Ağdama səfər ediblər

11.11.2021

9 noyabr - Zəfər bayramı çərçivəsində bir qrup gənc Ağdam şəhərinə səfər edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan səfərdə “Karabakh is Azerbaijan” Milli Platfortması və Diaspor Könüllülərindən ibarət 50 nəfərlik heyət Ağdamda olub. Onları Dövlət Komitəsinin əməkdaşları, “Karabakh is Azerbaijan!” Milli Platformasının və Diaspor Könüllülərinin koordinatoru müşayiət ediblər.

Gəzinti zamanı onlara işğaldan azad edilmiş torpaqlarda hazırkı vəziyyət və Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Milli Qəhrəman Allahverdi Bağırovun da məzarı olan Şəhidlər Xiyabanı ziyarət edilib. Pənahəli xanın imarəti, Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrına baş çəkən gənclər şəhərin tarixi və mədəniyyət abidələri haqqında məlumat əldə edib, Ağdamın Baş Planı ilə tanış olublar. Məscidin önündə xatirə şəkilləri çəkildikdən sonra gənclər Ağdamın məşhur tarixi abidələrindən və məkanlarından sayılan Sahbulaq qalasına yollanıblar.

Səfər çərçivəsində onlar Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntıların, Ağdam şəhərinin tarixi və mədəni irsinə qarşı törədilmiş vandalizmin canlı şahidi olublar.

“30 ilə yaxın doğma Ağdam şəhərini görməyi səbirsizliklə arzulayırdıq. Çox şükürlər olsun ki, Prezidentimizin, şanlı ordumuzun sayəsində bu böyük arzumuza çatdıq” – deyə istəklərini çatdıran gənclər bu sevinci xalqımıza bəxş etdiyinə, doğma Qarabağımızın gözü olan bu şəhəri görməyə şərait yaratdığına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.