...

Yekaterinburq şəhərində Zəfər Günü təntənə ilə qeyd edilib

10.11.2021

Rusiyanın Yekaterinburq şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib.

Tədbir Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının, Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Yekaterinburqdakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Bayram tədbirində Sverdlovsk vilayətinin qanunvericilik məclisi sədrinin müavini Mixail Klimenko, Sverdlovsk vilayətinin qanunvericilik məclisinin parlamentlərarası fəaliyyət üzrə komissiyasının sədri Vyaçeslav Veqner, Tacikistanın Yekaterinburqdakı baş konsulu Səfər Səfərov, Dağıstan Respublikasının Sverdlovsk vilayətindəki təmsilçisi Hacı Abdulkərimov, Çeçenistan Respublikası başçısının Sverdlovsk vilayətindəki səlahiyyətli nümayəndəsi Beslan Tamayev, Rusiya Federasiyasının əməkdar hüquqşünası Vladimir Borzov, diplomatik nümayəndəliklərin, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun regional şöbələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə ölkəmizin Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov, Sverdlovsk vilayətinin qanunvericilik məclisinin parlamentlərarası fəaliyyət üzrə komissiyasının sədri Vyaçeslav Veqner, “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski və başqaları çıxış edərək, xalqımızı və dünya azərbaycanlılarını möhtəşəm bayram münasibətilə təbrik ediblər. Sverdlovsk vilayətinin qanunvericilik məclisi sədri Lyudmila Babuşkinanın tədbir iştirakçılarına ünvanlanan təbrik müraciəti oxunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun tədbir iştirakçılarına salamlarını və təbriklərini komitənin sektor müdiri Tural Səfərov çatdırıb. O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızı işğaldan azad etməsini parlaq tarixi hadisə adlandırıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində rus əsilli Azərbaycan vətəndaşlarının da iştirak etdiyini və qəhrəmanlıqlar göstərdiyini, Sverdlovsk vilayətindəki diasporumuzun iki ölkə arasında dostluq, tərəfdaşlıq və humanitar əlaqələrə töhfələr bəxş etdiyini nəzərə çatdırıb.

Tədbirdə Zəfər Gününə həsr olunuş videoçarx nümayiş etdirilib.

Sonra təqdim edilən konsert proqramında Filarmoniyanın və Opera Teatrının solisti Aleksey Petrov, “Qarabağ” instrumental-xoreoqrafiya ansamblının ifaçıları Abil Məmmədov və Murad Göylərov çıxış ediblər. Onlar Azərbaycanın görkəmli sənətkarı Müslüm Maqomayevin və digər bəstəkarların əsərlərini ifa ediblər.

Tədbir çərçivəsində Vətən müharibəsi dönəmində və sonra göstərdikləri fəallığa görə Azərbaycan diasporunun üzvlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanları təqdim olunub. “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinskiyə “Zəfər salnaməsi” kitabı, Sverdlovsk vilayətinin qanunvericilik məclisinin sədr müavini Mixail Klimenkoya, Dağıstan Respublikasının Sverdlovsk vilayətindəki təmsilçisi Hacı Abdulkərimova və Çeçenistan Respublikası başçısının Sverdlovsk vilayətindəki səlahiyyətli nümayəndəsi Beslan Tamayevə ölkəmizdən bəhs edən kitablar hədiyyə edilib.