Lüksemburqda Zəfər Günü qeyd edilib
Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Lüksemburq şəhərində 8 noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
Türkiyənin Lüksemburqdakı səfirliyinin əməkdaşlarının, Azərbaycan və Türkiyənin diaspor təşkilatları nümayəndələrinin qatıldıqları tədbir iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə açılıb. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının direktor müavini Arzu Həsənova, Türkiyənin Lüksemburqdakı səfiri Fazilet Dağçı Çığlik və diaspor fəalı Azər Məmmədov çıxış edərək, əzəmətli bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik ediblər. Onlar bildiriblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızı azad etməsi Azərbaycan tarixinin ən parlaq səhifəsinə, xalqımızın və türk dünyasının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycanın hərb və diplomatiya meydanında əldə etdiyi qələbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük və müstəsna xidmətlərinin olduğu, Azərbaycan dövlətinin Dağlıq Qarabağ bölgəsinin və ətrafındakı 7 rayonun işğaldan azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının uzun illər gerçəkləşdirilməyən qətnamələrini təkbaşına icra etdiyi nəzərə çatdırılıb. Hər zaman Azərbaycanın yanında olan Türkiyə dövlətinin və xalqının Vətən müharibəsi dönəmindəki mənəvi və siyasi dəstəyinin heç bir zaman unudulmayacağı vurğulanıb.
Tədbir bayram konserti ilə davam edib.