...

İsrailin Afula şəhərində Zəfər Günü təntənə ilə qeyd edilib

10.11.2021

İsrailin Afula şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və Afula şəhər meriyasının birgə təşkilatçılığı ilə baş tutan konsertdə yerli dövlət orqanlarının, Azərbaycan Milli Məclisinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

“Azİz”in nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın apardığı tədbirdə şəhər meri Avi Elkabets, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəri, dağ yəhudiləri icmasının nümayəndəsi Anatoli Rafailov çıxış ediblər. Natiqlər xalqımızı və dünya azərbaycanlılarını möhtəşəm bayram münasibətilə təbrik ediblər, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbəni böyük tarixi hadisə adlandırıblar. Onlar yəhudi əsilli Azərbaycan vətəndaşlarının 44 gün davam edən müharibədə azərbaycanlı qardaşları ilə çiyin-çiyinə mübarizə apardıqlarını nəzərə çatdırıblar. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri mənəvi dəstəyə görə İsrailin siyasi şərhçilərinə, media mənsublarına və Azərbaycan diasporunun fəallarına, müharibədən sonra bir qrup qazimizin normal həyata qaytarılmasındakı xidmətlərinə görə israilli həkimlərə minnətdarlıq ifadə edilib.

Sonra Azərbaycan-İsrail dostluq əlaqələrinə və Zəfər Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Tədbir bayram konserti ilə davam edib. Konsertdə İsrailin tanınmış sənətçiləri Nati Qeyl, Vyaçeslav Yampolski, Liora Safanova, Kamiliya Yoffe, Aleksandr Avdalimov, Tamara Əzizova, Sarit Yosef, Tomer Əliyev və Anna Qrabarnikin rəhbərliyi ilə Afula bədii gimnastika məktəbinin yetirmələri çıxış ediblər.