...

Krakov şəhərində Zəfər Günü münasibətilə tədbir təşkil edilib

10.11.2021

Polşanın Krakov şəhərində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Vaqifin şux gözəli” adlı bədii tədbir keçirilib.

“Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, Polşada təhsil alan azərbaycanlı tələbələr, türk və Pakistan icmalarının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Muxtar Zamanov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Əsgərov və Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşı Kamran Məmmədov çıxış ediblər. Onlar görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin Qarabağ xanlığının ictimai-siyasi həyatında xidməti, ermənilərin torpaqlarımızı işğal edərkən tarixi-mədəni abidələrimizə, o cümlədən Vaqifin məqbərəsinə qarşı törətdikləri vandalizm aktları barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Qarabağı düşmənlərdən azad etdikdən sonra Heydər Əliyev Fondu şairin Şuşadakı abidəsini və məqbərəsini bərpa edib, Vaqif Poeziya Gününü yenidən mədəniyyət paytaxtımıza qaytarıb.

Sonra Vaqif yaradıcılığına həsr edilmiş qısametrajlı film nümayiş edilib.