...

Klaypeda şəhərində Zəfər Günü təntənəli şəkildə qeyd edilib

09.11.2021

Litvada fəaliyyət göstərən “Azəris” Cəmiyyətinin təşkilatçılığı ilə Klaypeda şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş yürüş və konsert keçirilib.

Şəhərin mərkəzində gerçəkləşdirilən yürüşdə soydaşlarımız və digər etnik azlıqlar iştirak ediblər. Yerli sakinlərin diqqətini Azərbaycanın Zəfər Gününə cəlb etmək məqsədilə təşkil edilən aksiya Azərbaycandan gələn musiqiçilərin ifasında millli musiqimizin səsləndirilməsi ilə başa çatıb.

Sonra Klaypeda Duması üzvlərinin, ölkəmizin Litvadakı səfirliyinin əməkdaşlarının, Azərbaycan və digər icmaların nümayəndələrinin qatıldıqları təntənəli konsert baş tutub. Tədbir Azərbaycanın və Litvanın Dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən “Azəris” Cəmiyyətinin sədri Əliağa Məmmədov möhtəşəm bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik edib.

Konsertdə Azərbaycandan gələn sənətçilərin ifasında bayram proqramı təqdim olunub.