Tuluz şəhərində Zəfər Günü təntənə ilə qeyd olunub
Fransanın Tuluz şəhərində 8 Noyabr – Zəfər gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərbaycan İcması Birliyi – AİB” Cənub-Qərb Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Fransadakı səfirliyinin əməkdaşları, Tuluz və onun ətrafında yaşayan Azərbaycan və Türkiyə diasporlarının üzvləri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ölkəmizin Fransadakı səfirliyinin birinci katibi Vüqar Əliyev və başqaları çıxış ediblər. Onlar xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını Zəfər Günü münasibətilə təbrik ediblər.
Qeyd edilib ki, xalqımız və dünya azərbaycanlıları, o cümlədən Tuluzda yaşayan soydaşlarımız 44 günlük Vətən müharibəsində misilsiz birlik və həmrəylik nümayiş etdirərək, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşiblər. Tuluzdakı soydaşlarımıza göstərdikləri fədakar fəaliyyətə, Ordumuza yardım etmək məqsədilə Dəstək Fondu yaratdıqlarına görə minnətdarlıq ifadə olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Tədbir çərçivəsində Azərbaycan əsilli uşaqların rəsmlərindən ibarət sərgi nümayiş olunub. Zəfər bayramı münasibətilə Vətənimizə, Ordumuza həsr edilmiş şerlər söyləyən uşaqlara mükafat təqdim olunub.