...

Tokioda Zəfər Günü ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

09.11.2021

Yaponiyanın Tokio şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə məlumatlandırıcı aksiya keçirilib.

Aksiyada Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin fəalları, Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları, Tokioda yaşayan həmvətənlərimiz və ölkəmizin yaponiyalı dostları iştirak ediblər.

Onlar Vətən müharibəsində qazanılmış şanlı Qələbənin birinci ildönümü ilə əlaqədar Tokionun mərkəzində yerləşən “Tokyo”, “Shinjuku” və “Takadanobaba” stansiyalarının qarşısında, Azərbaycanın Yaponiyadakı səfirliyində və paytaxtın məşhur Şincuku rayonunda yerləşən “Qarabağ” və “Pamukkale” restoranlarında, “LDS Group” şirkətinin üzvü olan yapon investorların Okinava toplantısında məlumatlandırıcı aksiya keçiriblər.

Aksiya zamanı mərkəzin təşəbbüsü və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış maskalar və broşürlər Tokio sakinlərinə paylanıb, onlara Azərbaycan və Zəfər Günü barədə ətraflı məlumat verilib. Maskaların üzərində Azərbaycan, ingilis və yapon dillərində “Qarabağ Azərbaycandır!” sözləri və Qələbə rəmzi olan Xarı bülbülün təsviri yer alıb.

Qeyd edək ki, maskaların üzərinə yerləşdirilmiş QR-kodu oxutmaqla Vətən müharibəsi, onun tarixi və qazanılmış möhtəşəm Zəfər barədə Heydər Əliyev Fondu tərəfindən ingilis dilində hazırlanmış məlumatlarla tanış olmaq mümkündür.