Nant şəhərindəki “Qarabağ” məktəbində Zəfər Günü ilə bağlı tədbir keçirilib
Fransada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə Nant şəhərindəki “Qarabağ” həftəsonu Azərbaycan məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Aynurə Hacıyeva və Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Toğrul Zeynalov çıxış edərək, şagirdləri və valideynləri möhtəşəm bayram münasibətilə təbrik ediblər.
Qəhrəman şəhidlərimizin fotolarının həkk olunduğu köynəklərdə çıxış edən məktəblilər Zəfər Gününə həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər.
Tədbir çərçivəsində “Zəfər Turniri” rəsm müsabiqəsinin iştirakçılarının əl işləri nümayiş etdirilib. Məktəb şagirdləri Zəfər Günü və işğaldan azad edilmiş torpaqlarımızla bağlı düşüncələrini təsviri sənət vasitəsilə ifadə ediblər. Müsabiqə iştirakçıları sertifikatlarla mükafatlandırılıb.
Sonra məktəb şagirdləri Azərbaycan və Türkiyə bayraqları ilə Nantın mərkəzi kücələrində yürüşə çıxaraq, yerli sakinlərə Azərbaycanın tarixi torpağı Qarabağın işğaldan azad olunması və 8 Noyabr – Zəfər Günü haqqında məlumat veriblər. Məktəblilər şəhər sakinlərinə “Xarı Bülbül” rəmzinin təsvirini və qızıl güllər paylayıblar.
Yürüş Azərbaycan və Türkiyə bayraqlarının səmalara yüksəldilməsi ilə başa çatıb.