Kopenhagendə Zəfər Günü qeyd edilib
Danimarkanın Kopenhagen şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin, Azərbaycan, Türkiyə və türkdilli icmalarının nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını möhtəşəm bayram münasibətilə təbrik edib.
Tədbir konsert proqramı ilə davam edib.