...

Barselona şəhərində Zəfər Günü münasibətilə konsert keçirilib

08.11.2021

İspaniyanın Barselona şəhərində, Licue Konservatoriyasında Zəfər Gününə həsr edilmiş konsert proqramı təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Qarabağ müharibəsində şəhid olmuş hərbçilərin və mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükütla yad edilib, Azərbaycanın Dövlət Himni səslənib.

Tədbiri giriş sözü ilə açan Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri Kərim Kərimov qonaqları salamlayaraq, ötən müddət ərzində Cəmiyyət tərəfindən görülmüş işlər və Vətən müharibəsi zamanı göstərdiyi fəaliyyət haqqında qısa məlumat verib.

Diapsorla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri ilə iş şöbəsinin müdir müavini Cahid Quliyev tədbir iştirakçılarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və hərbçilərimizin qəhrəmanlığı nəticəsində Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi Qələbənin birinci ildönümü münasibətilə təbrik edib, hazırda dünyanın müxtəlif ölkələrində Zəfər Günü ilə bağlı keçirilən tədbirlər barədə məlumat verib.

Konsert proqramı dirijor, pianoçu və bəstəkar Abuzər Manafzadə və həyat yoldaşı, vokalçı Karen Onidia Danger Manafzadənin ifasında musiqili parçaları, milli rəqslərlə davam edib.

Konsert çərçivəsində Zəfər Günü ilə bağlı fotosərgi də keçirilib.