...

Kişinyovda Zəfər Gününə həsr olunmuş yürüş və bayram tədbiri keçirilib

08.11.2021

Moldovanın paytaxtı Kişinyov şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş yürüş və tədbir keçirilib.

Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə baş tutan yürüş zamanı soydaşlarımız Azərbaycan, Türkiyə və Moldovanın görkəmli dövlət xadimləri Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və Ştefan çel Marenin abidələrini ziyarət ediblər.

Azərbaycanın Moldovadakı səfirliyinin önündə gerçəkləşdirilən bayram tədbirində MAK sədri Elçin Bayramov, ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Dağ yəhudiləri və yəhudilər icmasının nümayəndəsi Roman Aronov, Qaqauz icmasının sədri Nikolay Terzi, diasporun azad olunmuş Azərbaycan ərazilərindən olan üzvləri Məhəbbət İsmayılov, Yasin Seyidov, Mehralı Quliyev, Allahverdi Xələfov və başqaları çıxış ediblər.

Qeyd edilib ki, Azərbaycan torpaqlarının işğaldan qurtarması naminə ölkəmizdə yaşayan bütün millətlər, dünya azərbaycanlıları Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək misilsiz həmrəylik göstəriblər. Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini təkbaşına icra etməklə beynəlxalq hüquqa uyğun olaraq ölkəmizin ərazi bütövlüyünü təmin edib.

“Azərbaycan xalqı Prezident İlham Əliyev başda olmaqla şanlı Zəfər tarixi yazıb. Bir çox xalqlar Azərbaycan Prezidenti kimi liderin onlara rəhbərlik etməsini istəyərdi”, - deyə Qaqauz icmasının sədri N.Terzi bildirib.

Tədbir konsert proqramı ilə başa çatıb.