...

Berlində “Zəfərə gedən 44 gün” adlı təntənəli tədbir keçirilib

08.11.2021

Berlin şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən 44 gün” adlı təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının (AAA) təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Almaniyadakı səfiri başda olmaqla səfirliyin diplomatları, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, Azərbaycan icmasının və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli, AAA idarə heyətinin sədri Yaşar Musayev, sədr müavinləri Sevda Qəribova və Nuran Abdullayev, diaspor nümayəndəsi Zaur Spivak və başqaları çıxış ediblər.

Səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin ötən il qazandığı qələbəni böyük tarixi hadisə adlandıraraq, möhtəşəm Zəfər yoluna nəzər yetirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Vətən müharibəsi zamanı Azərbaycan diasporunun gördüyü işlər barədə məlumat verib, Vətən müharibəsi dönəmində və müharibədən sonra göstərdikləri fədakar fəaliyyətə görə diaspor nümayəndələrinə, o cümlədən Almaniyadakı Azərbaycan icmasına minnətdarlıq bildirilib.

Tədbirdə 44 günlük müharibə dövründə Azərbaycan diasporunun fəaliyyətini və diaspor nümayəndələrinin Şuşaya səfərlərini əks etdirən videoçarxlar nümayiş olunub.

Sonra azərbaycanlı sənətçilərin iştirakı ilə konsert olub.

Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.