Osloda Zəfər Günü münasibətilə təntənəli tədbir təşkil edilib
Norveçin paytaxtı Oslo şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Azərbaycan Diasporuna Dəstək Fondunun və Gənclər Fondunun dəstəyi, Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Pakistan, Şimali Makedoniya və Əfqanıstanın bu ölkədəki səfirləri, Osloda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan və Türkiyə icmalarının üzvləri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, müharibə qurbanlarının və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur, ölkəmizin İsveç və Norveçdəki səfiri Zaur Əhmədov, Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman, Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev, Azərbaycan əsilli isveçli fəal Siyavuş Dərəxti, norveçli yazıçı, Nizami Gəncəvi yaradıcılığının araşdırmaçısı Ragnhild Thori çıxış ediblər.
Onlar böyük qələbə münasibətilə xalqımızı, dünya azərbaycanlılarını, türk dünyasını və bəşəriyyətin mütərəqqi qüvvələrini təbrik ediblər. Azərbaycanın multikultural dəyərlərə malik ölkə olduğunu xatırladan natiqlər Vətən müharibəsini dinlərarası münaqişə kimi qələmə verən Norveç və bir sıra digər ölkələrin media orqanlarının qeyri-obyektiv və yalan informasiya yaymasından təəssüflərini ifadə ediblər. Bu savaşın işğalçı qüvvələrlə mübarizə xarakteri daşıdığı bir daha nəzərə çatdırılıb.
Tədbirdə azad olunmuş ərazilərdə işğalçılar tərəfindən dağıntıya məruz qalan minlərlə kənd, qəsəbə və şəhər barədə ətraflı məlumat verilib, Baku Media Mərkəzinin Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə hazırladığı videomateriallar nümayiş olunub.
Qonaqlara “Böyük qayıdış” adlı hədiyyə paketi bəxş edilib. Hədiyyə paketinə Şuşadan aparılmış torpaq, “Xarı bülbül” nişanı, Şuşa və Qarabağ barədə məlumatın əks olunduğu broşür daxil edilib.