Omanda Zəfər Günü ilə bağlı tədbir keçirilib
Omanda yaşayan həmvətənlərimiz 8 Noyabr - Zəfər Günü münasibətilə paytaxt Məsqət şəhərində bir araya gəliblər.
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Oman Sultanlığı üzrə əlaqələndiricisi, Məsqət Musiqi və İncəsənət Akademiyasının direktoru Səidə Xəlilovanın təşəbbüsü ilə müxtəlif sahələrdə çalışan azərbaycanlıların iştirak etdiyi görüşdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.
Azərbaycan xalqının çoxəsrlik tarixində Zəfər Gününün xüsusi əhəmiyyət kəsb etdiyi, 44 günlük Vətən müharibəsinin xalqımızın birliyini, dünya azərbaycanlılarının həmrəyliyini daha da möhkəmləndirdiyi bildirilib. Qeyd edilib ki, harada yaşamasından asılı olmayaraq, dünya azərbaycanlıları Vətən müharibəsi dövründə olduğu kimi, bundan sonra da eyni amal və məqsəd uğrunda həmişə dəmir yumruq kimi sıx birləşməlidirlər.