Norveç parlamenti qarşısında “Böyük qayıdış” aksiyası təşkil edilib
Oslo şəhərindəki Norveç parlamenti binasının – Stortingetin qarşısında 8 Noyabr – Zəfər Günü münasibətilə “Böyük qayıdış” adlı aksiya keçirilib.
Azərbaycan Diasporuna Dəstək Fondu və Gənclər Fondunun dəstəyi və Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının təşəbbüsü ilə baş tutan aksiyaya Azərbaycan və Türkiyə icmalarının üzvləri, Türkiyənin Norveçdəki səfirliyinin əməkdaşları qatılıblar.
Əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları şəhidlərimizin şəkillərini, “Həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsinə”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağa böyük qayıdış” şüarlarını əks etdirən posterləri nümayiş etdiriblər.
Tədbirdə “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur və Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev çıxış ediblər. Onlar Ermənistanın xalqımıza qarşı qəsbkar, təcavüzkar və etnik təmizləmə siyasətinin tarixi, Qarabağ bölgəsindəki şəhər və kəndlərin dağıdıldığı, yüz milyonlarla dollar dəyərində mina və partlayıcı sursatların yerləşdirildiyi, baş verənlərə dünya birliyinin göz yumduğu, bu ədalətsizliyə rəğmən ölkəmizin multikultural dəyərlərə sadiq qaldığı, Azərbaycan dövlətinin təkbaşına BMT-nin qətnamələrini icra edərək, ərazi bütövlüyümüzü bərpa etdiyi barədə ətraflı məlumat veriblər.
Qeyd edilib ki, Qarabağ işğaldan azad olunandan sonra yeni inkişaf dövrünə qədəm qoyub, 8 ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Beynəlxalq “Xarı bülbül” Festivalı, Vaqif Poeziya Günləri keçirilib.
Aksiyada Norveç hökumətinə azərbaycanlılara qarşı baş verən soyqırımına, etnik təmizləməyə, şəhər və kəndlərin dağıdılması kimi qeyri-insani addımlara düzgün siyasi qiymət verməyə çağırış səslənib.